Bakı. İlhamə İsabalayeva - Trend:
2017-ci ildə Mərkəzi Qan Bankı üzrə donorların sayı 44 957 nəfər, respublika üzrə donorların sayı isə 85 253 nəfər olub.
Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, ötən il tədarük edilən qanın miqdarı 40670,5 litr olub.
Z.Əlimirzəyeva bildirib ki, 2017-ci ildə nikahqabağı müayinədən 135 990 nəfər keçib. Onlardan 3891 nəfərində talassemiya daşıyıcılığı, 449 nəfərində sifilis, 119 nəfərində QİÇS təyin edilib:
"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41 olub. Bu cütlüklərin 39-u instituta müraciət edib. 22 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Ümumilikdə isə 2015-ci il iyunun 1-dən indiyədək 373 680 nəfər müayinədən keçib. Onların 14 364-də talassemiya daşıyıcılığı, 1349-da sifilis, 293-də QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 134 olub. Bu cütlüklərin 86-sı instituta müraciət edib. 44 nəfərə hamiləlik zamanı prenatal diaqnostika aparılıb. Onlardan 11 xəstə, 26 daşıyıcı və 7 sağlam döl müəyyənləşdirilib".