Bakı. Trend:
Avqustun 28-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.
Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası (http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.