Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların keçirilməsinə xərclənən vəsaitlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Trend-in məlumatına görə, M.Abbaszadə bu gün keçirilən "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı qeyd edib, DİM üçün ayrılan vəsaitin yarısı imtahanların keçirilməsi üçün kənardan dəvət edilmiş şəxslərə xərclənib:
"Dövlət İmtahan Mərkəzi yaranan zaman quruma dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın şəffaf, düzgün keçirilməsi üçün belə vəsaitin sərf edilməsi normaldır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar".
M.Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyəti 210 nəfərdən ibarətdir: "Təbii ki, qeyd olunan miqyasda tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var".