...

Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

Gündəm Materials 10 İyul 2019 13:11 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib.
Mübariz Qurbanlı: Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir.

Komitə sədrinin sözlərinə görə, azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir: "İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir. 30 il əvvəl Azərbaycanda nə multikultural, nə də tolerant sözü işlədilirdi. Amma o zaman da Azərbaycanda multikultural dəyərlər, tolerant mühit var idi".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar aparır: "Azərbaycan bu gün İslama sahib çıxır, bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə qeyd edib ki, sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi: "Amma ümummilli lider Heydər Əliyevin təqdim etdiyi azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə ehtiva edir. Bu ideya mütləq şəkildə gələcək nəsillərə ötürülməlidir. Orta və ali məktəblərdə bu məsələyə kifayət qədər elmi yanaşmanın olmasının tərəfdarıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti