Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar xəstəlikləri ilk yerdə dayanır. Bu xəstəliklərin yaranmasının əsas risk faktorlarından biri tütündür.
S.Aypanciquli hesab edir ki, Azərbaycanda tütün istehlakı azaldılmalıdır: "Tütünlə bağlı vergilər artırılmalı, siqaret qutularının üzərində "Sağlamlığa ziyandır" sözləri böyük hərflərlə yazılmalı, onun sağlamlıq üçün təhlükəli olmasını göstərən şəkil vurulmalıdır. Bununla yanaşı, Azərbaycanda siqaret reklamı və ictimai yerlərdə siqaret çəkmək qadağan edilməlidir. Azərbaycanda birinci dəfə oluram. Mən küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki, bu, Azərbaycan üçün məqbul haldır. Amma mən tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm".
Ekspert əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə.də diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir".