...

Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)

Gündəm Materials 24 Fevral 2021 20:06 (UTC +04:00)
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)

Bakı. Trend:

Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bişkek şəhərindəki Qırğızıstan Xalqları Məclisinin binasında baş tutan tədbirdə Azərbaycan ziyalıları, diaspor fəalları, ahıska türkləri, uyğur, əfqan, tacik mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, mərasim Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqə sükutla yad edilməsilə başlayıb. Tədbirdə çıxış edən "Azəri" İctimai Birliyinin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalı şəhərini işğal etdiyi və dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdiyi barədə müfəssəl məlumat verib. Bu cinayətin birbaşa Qarabağın o zamankı xunta rejimini təmsil edən, sonradan Ermənistana rəhbərlik edən Robert Koçaryan, Serj Sarkisyan və digər yüksək vəzifəli hərbçilər, Zori Balayan, Silva Kaputikyan kimi faşist təfəkkürlü anti-insani qüvvələr tərəfindən həyata keçirildiyi nəzərə çatdırılıb.

Bildirilib ki, yalnız görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Хоcalı soyqırımına siyasi-hüquqi qiymət verilib, qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində isə ABŞ-ın 22 ştatı da daxil olmaqla dünyanın bir sıra ölkəsi Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıyıb.

Tədbirdə çıxış edən müxtəlif icma nümayəndələri erməni faşizmini hiddətlə pisləyiblər, belə faciələrin bir daha yaşanmaması üçün Xocalıda soyqırım törədən erməni cəlladlarının məsuliyyətə cəlb olunmasının və cəzalandırılmasının vacib olduğunu bildiriblər. Onlar Qırğızıstanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə və yerli ictimaiyyətə müraciət edərək, XX əsrin sonunda baş vermiş bu qanlı qırğına obyektiv qiymət verilməsinə çağırıblar.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub, rus və qırğız dillərində hazırlanmış "Xocalı soyqırımı - əsrin faciəsi" kitab-albomu təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti