...

Ağalı sakinləri iş yerləri ilə təmin olunur – Trend TV-nin reportajı

Gündəm Materials 8 Sentyabr 2022 12:59 (UTC +04:00)
Ağalı sakinləri iş yerləri ilə təmin olunur – Trend TV-nin reportajı

Aslan Məmmədli, Zəngilan. Trend:

Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunur. İşğaldan azad edilmiş Ağalı kəndinə ilk qayıdan insanlar burada yaradılan iş yerlərində çalışırlar.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağalı kəndində səfərdə olarkən bir neçə sakinlə görüşüb, onların iş prosesi ilə maraqlanıb. Ağalı kəndindəki tikiş müəssisəsində işləyən Qiyafət Həsənova bildirib ki, doğma torpaqlara qayıtmaq, burada yaşamaq onun üçün əvəzsiz xoşbəxtlikdir.

O, vurğulayıb ki, Azərbaycan dövləti kənddə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan şərait yaradıb.

Ağalıda işlə təmin olanlardan biri də Adilə Süleymanovadır. O, çəkiliş qrupumuza bildirib ki, çox gözəl şəraiti olan evlərdə yaşayırlar. Süleymanovlar ailəsinin bütün üzvləri iş yeri ilə təmin edilib:

“Ailədə özüm, həyat yoldaşım, oğlum və gəlinim işləyirik. Dövlətimiz bizim üçün bütün şəraiti yaradıb. Doğma torpaqlarımıza qayıtdığımıza, burada yüksək şəraitə və işlə təmin olunmağımıza görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Kənd sakinlərinin bir qrupu isə Ağalı Ailə Sağlamlıq Mərkəzində işlə təmin olunub. Mərkəzdə işçilərin sayı 9 nəfərdir. Burada əlavə olaraq, təcili tibbi yardım xidməti də fəaliyyət göstərir. Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova məmnunluqla vurğulayıb ki, insanların sağlamlıqlarının keşiyində dayanmaq onlar üçün böyük şərəfdir. Tibb işçisi Xeyransa Zeynalova da kənddə yaradılan hərtərəfli şəraitə, ən müasir infrastruktura görə xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, işğaldan azad olunduqdan sonra firavan həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Artıq 53 ailədən 264 nəfər Ağalı 1, 2 və 3 kəndlərindən olan sakinlər öz “Ağıllı” evlərində yaşayır. son günlər köçürülməsi nəzərdə tutula 25 Ağalı kəndindən olan ailələrdən 12-i ötən gün öz əzəli və əbədi torpaqlarına köçürülüb. 13 ailənin isə sentyabrın 10 da köçürülməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti