Bakı. Trend:
Dekabrın 10-da Baş Prokurorluqda xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
əziz xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər
düzülmüşdür.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev hələ sağlığında
quruculuq və xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlməklə
xalqımızın ümummilli lideri zirvəsinə yüksəlmiş dünya miqyaslı
dövlət xadimi Heydər Əliyevin milli dövlətçiliyimizin
möhkəmləndirilməsində misilsiz xidmətlərinin, müdrikliyi,
uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində
ölkəmizin bu günkü inkişaf göstəricilərinə nail olduğunu diqqətə
çatdırmışdır.
Qeyd edilmişdir ki, hələ Sovetlər dönəmində Ulu öndərin səyləri
nəticəsində hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin
formalaşması istiqamətində ciddi addımlar atılmış, cinayətkarlığa,
xüsusilə onun “Qoy ədalət zəfər çalsın !” çağırışı ilə
rüşvətxorluğa və korrupsiyaya qarşı genişhəcmli mübarizə təşkil
edilmişdir.
Yenidən hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində başlanmış hərtərəfli və kompleks islahatlarla məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun təşəkkül tapması bildirilməklə Ulu öndərin diqqət və qayğısı sayəsində Azərbaycan Prokurorluğunun dövrün tələblərinə uyğun tamamilə yenidən qurulması, cəmiyyətin və dövlətin maraqlarına xidmət edən qurum kimi formalaşdırıldığı xüsusi vurğulanmışdır.
Tədbirdə çıxış edən Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına diqqət göstərən ümummilli lider Heydər Əliyevin məhkəmə-hüquq sisteminin inkişafında müstəsna xidmətlərini qeyd etmiş, hüquqi dövlət quruculuğu yolunda aparılmış islahatların əhəmiyyətindən bəhs etmişdir.
Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin
daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla ulu öndərin siyasi
irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq
üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların,
ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən
qorunmasına səfərbər edəcəklərini bildirmişdir.
Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş film
izlənmişdir.