Bakı. Trend:
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Serbiya Respublikasının Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və Mədən və Energetika naziri Dubravka Djedovicin görüşü keçirilib.
ASC-dən Trend-ə bildirilib ki, görüşdə Serbiya və Azərbaycan dövlətləri arasında münasibətlərin çox yüksək səviyyədə olması və bu əməkdaşlığın artıq dostluq əlaqələrinə çevrilməsi qeyd olunub.
Daha sonra hər iki ölkənin enerjisistemləri barədə məlumatlar verilərək geniş fikir mübadiləsi aparılmışdır.
Elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı, o cümlədən Serbiyada yeni tikiləcək Elektrik Stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılması barədə də müzakirələr aparılıb.
Görüşdə iki dövlət arasında mövcud strateji əməkdaşlıq çərçivəsində elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin ölkələrarası işgüzar əlaqələrin möhkəmləndirilməsindəki mühüm rolu qeyd edilib.