Bakı. Trend:
Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, general-mayor P. Həşimov 2 yanvar 1975-ci
ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə
birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli
məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə
bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub
və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.
Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək
yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya
qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy
göstərib.
2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün
qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu
qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli
müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni ilə təltif edilmişdir.
2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı
tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi
verilmişdir.
P.Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.