Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin də iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.
Mərasimlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən
danışılıb, Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikası
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi
siyasətin uğurları barədə ətraflı məlumat verilib. Çıxış edənlər
həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul
və qızlarımızın fədakarlığı, xalqımızın qəhrəmanlığı barədə
xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.