Bakı. Trend:
Səfirliyimizə hücum anı ilə bağlı İran polisinin yalanlarının sübutu olan daha bir görüntü yayılıb.
Trend-in məlumatına görə, videodan aydın olur ki, İran hüquq-mühafizə orqanının əməkdaşı heç bir şey etmir. Əksinə avtomobildən düşüb binaya hücum edən terrorçu qapıda duran və səfirliyin mühafizəsinə cavabdeh olan İran polis əməkdaşı ilə sanki salamlaşır.
Buradan görünür ki, məqsəd Azərbaycan səfirliyində olan bütün azərbaycanlıları öldürmək olub.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.