Bakı. Trend:
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti İmişlidə növbəti birgə əməliyyat keçirib.
Trend-in məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb.
Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu
ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik
maddə olan qurudulmuş maruxuana aşkar edilib. İlkin sorğu zamanı
Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam
Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə
İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə
çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri
seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, son 1 ay ərazində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.