Bakı. Trend:
Xaçmaz rayonunun Niyazoba kəndində Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Şənlikdə tonqal qalanıb, elimizin qədim adət-ənənələri və mərasimləri nümayiş etdirilib - sac üstündə yuxa bişirilib, buğda təmizlənib, qovurğa qovurulub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tədbir iştirakçılarına səmimi təbriklərini çatdırıb.
Mərasim boyu xüsusi bəzədilmiş faytonla kəndi gəzən milli geyimli gənclər bayramın başlanması barədə xəbər yayıblar. Kosa və Keçəl bayram iştirakçılarla yumurta döyüşdürüb, şən zarafatlar ediblər. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə gənclər “Ənzəli” oynayıblar. Uşaqlar bayram tonqalı üstündən atlanaraq əyləniblər.
Tonqal ətrafında nümayiş etdirilən milli rəqslər, səsləndirilən şeir və mahnılar iştirakçılarda xoş ovqat yaradıb.