Bakı. Trend:
Kiçik və orta gücə malik dövlətlər alternativ inkişaf yollarının nümayiş etdirilməsində mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu 1996–2016-cı illərdə İslandiyanın prezidenti olmuş Oulavyur Raqnar Qrimsson XII Qlobal Bakı Forumu çərçivəsində "Yeni dünya düzənində orta güclər" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
Qrimsson qeyd edib ki 21-ci əsrdə dövlətlərin əksəriyyəti kiçik və ya orta gücə malikdir və bu ölkələr qlobal dəyişikliklərdə mühüm rol oynayır.
O vurğulayıb ki, İslandiya kimi dövlətlər sübut ediblər ki, tükənən yanacaqlara əsaslanan iqtisadiyyatdan tamamilə imtina edib, cəmi bir nəsil ərzində bərpa olunan enerji mənbələrinə keçmək mümkündür.
“40 il əvvəl bunu qeyri-mümkün hesab edirdilər, lakin indi bilirik ki, bu, tamamilə mümkündür. Kiçik və orta gücə malik dövlətlər dünyaya alternativlərin mövcud olduğunu göstərə bilər”, - deyə o bildirib.
Qrimsson əlavə edib ki, gələcəkdə dünya əhalisinin böyük hissəsi Asiya və Afrikada yaşayacaq və Avropa ilə Şimali Amerika ölkələri say baxımından azlıq təşkil edəcək.
O, dünyanın nə qədər sürətlə dəyişdiyini anlamağın vacibliyini vurğulayaraq, ölkələri "üst" və ya "aşağı" dövlətlər kimi köhnəlmiş təsnifatlardan çəkinməyə çağırıb, "çünki bu, dünya nizamındakı sürətli dəyişikliklərin düzgün qiymətləndirilməməsinə gətirib çıxara bilər”.