Bakı. Trend:
Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində rəsmi səhifəsində qondarma rejimin “bayrağ”ını paylaşması, o cümlədən, erməni haqlarından dəm vurması beynəlxalq hüquqa zidd davranış olmaqla bərabər, həm də Paşinyanın “Qarabağ hərəkatı”ndan əl çəkmək barədə bəyanatı fonunda yenidən İrəvan küçələrində aksiyalara başlayan revanşistləri ümidləndirmək və Ermənistanı yeni müharibəyə təşviq etmək demək idi. Lakin Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlinin üzrxahlıq etməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev hərbi-siyasi qələbələri ilə elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq hər kəs bizimlə hesablaşmaq zərurətini dərk edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Milət vəkili vurğulayıb ki, toxunmaq istədiyi ikinci məsələ Türkiyədə müşahidə olunan proseslər fonunda son günlər yanlış olaraq bu proseslərdən Azərbaycan üçün pay biçmək cəhdləri ilə bağlıdır.
“Bu gün Azərbaycan cəmiyyətində bir qisim insan nə qədər qəribə olsa da, Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətində imiş kimi davranmaqdadır. Türkiyədə gərginlik var, amma bu problemi yoluna qoymaq üçün Türkiyə dövlətinin yetərincə gücü, türk xalqının isə yetkin iradəsi mövcuddur və kənardan heç kimin məsləhət və tövsiyələrinə ehtiyac duyulmur. Doğrusu nədir, Türkiyə özü qərar verəcək. Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan siyasi luzerlərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğrurur.
Müəyyən kəsimin yenidən fəallaşmasının məqsədi kifayət qədər aydındır, antimilli şüur gizlətmir ki, baş verənlərə türk baharı kimi ümid edir. Amma bu adamlar hələ də başa düşmür ki, türkün baharı idxal olunan inqilablar deyil, türkün baharını artıq Prezident İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə başladıb, türk baharı elə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir, türkün baharı Qərbi Azərbaycana qayıdışdır”, - deyə deputat qeyd edib.