...

Ötən il qadınlarda yumurtalıq xərçəngi riskini azaldan 5055 əməliyyat icra edilib

Gündəm Materials 17 Aprel 2025 10:33 (UTC +04:00)
Ötən il qadınlarda yumurtalıq xərçəngi riskini azaldan 5055 əməliyyat icra edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirlib ki, qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir.

"Bəzi ginekoloji xəstəliklər qadın sağlamlığını ciddi şəkildə pozur və bu hallarda cərrahi əməliyyatların icrası zəruri olur. İri kistalar, şişlər, yumurtalığın burulması, uşaqlıq borularının (fallop borularının) irinli-iltihabi prosesləri, endometrioz və ya boru hamiləliyi kimi vəziyyətlərdə yumurtalıq və ya uşaqlıq borularının çıxarılmasına ehtiyac yarana bilər.

Yumurtalıq və boruların çıxarılması üçün aparılan cərrahi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir. Əməliyyatın məqsədi pasiyentin ümumi sağlamlığını qorumaq, yumurtalıq xərçənginin yayılmasının və digər ciddi ağırlaşmaların qarşısını almaqdır. Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.

Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.

Haqqında danışılan əməliyyat icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti