Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 aprel 2025-ci il tarixində taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün DİM-in elektron imtahanlar korpusunda növbəti test imtahanı keçirilib.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb:
"Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir".
"Xatırladaq ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1470 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 1407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 18 və 21 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.",- deyə əlavə edilib.