Bakı. Trend:
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Trend-ə Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron Rayon Təşkilatının sədri, Abşeron Rayon Mərkəzi xəstəxanasının direktoru, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və
fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev bildirib
ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin
inkişafında müstəsna xidmətləri vardır. Ölkəmizdə yayılmış bir çox
göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanının böyük
əzmi və fəaliyyətinin olduğunu vurğulayan A.Fərzəliyev vurğulayıb
ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi
problemlər tamamilə həll olunub. Qeyd edilib ki, Zərifə xanım
Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə
cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə xanım Əliyevanın
həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox
böyük nüfuz qazandığı qeyd olunaraq onun taleyinə xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali
Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin anası olması yazıldığı vurğulanıb.
Millət vəkili Rizvan Nəbiyev çıxış edərək bildirib ki, Zərifə
xanım Əliyeva tibb elminin inkişafında misilsiz xidmətləri olub.
Ölkəmizdə çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi
fəaliyyətdən söz açan millət vəkili vurğulayıb ki, Zərifə xanım
xeyirxah, hümanist və ictimai xadim kimi xalqımızın yaddaşında
qalıb və daima gözəl xatirələrlə anılacaqdır.
Millət vəkili Zaur Şükürov qeyd edib ki, Zərifə xanım Əliyeva
Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl
ana, böyük oftalmoloq-alim olmaqla özünün tibbi bilikləri ilə
millətimizin, onun övladlarının qayğısına qalıb.
Sonra çıxış edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova bildiriblər ki, Zərifə xanım Əliyevanın həyat və fəaliyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.