Bakı. Trend:
Mövsümü allergiya həm astmaya səbəb ola bilər, həm də allergik astma xəstələrinin şikayətlərini kəskinləşdirə bilər. Mövsüm zamanı, daha çox yaz-yay fəsilində, ağac, gül-çiçək, tozcuqlarının təsirindən xəstələrdə allergik simptomlar kəskinləşə bilər, astmanın kliniki əlamətləri yarana bilər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamiolova açıqlayıb.
Onun sözlərinə görə, mövsüm allergiyasına biz polen allergiyası da deyirik:
“Bu daha çox yaz-yay fəsilində və payız fəslində rast gəlinir. Yaz aylarında ağacların çiçəklənməsi allergik xəstələrin simptomlarını artırır. Buna görə də, atopik astma xəstələri mövsüm öncəsi və mövsüm zamanı profilaktik tədbir görməlidirlər.
Mövsüm zamanı olan profilaktik tədbirlərə aiddir:
Küləkli havalarda çölə çıxmamalı, məcburən çıxarkən də uzunqol
köynək geyinməli, eynəkdən istifadə etməli, evə gələrkən duş
almalı, və nazal speylərdən istifadə etməli, həmçinin evi küləkli
havalarda havalandırmamalıdır. Yuyulmuş paltarları küləkli havada
qurutmamağı tövsiyə edirik. Bu zaman allergenlər paltarlara hoparaq
allergik xəstəyə mənfi təsir göstərə bilər”.
Allerqoloq qeyd edib ki, bundan əlavə, polen allergiyası olan xəstələr, həmçinin yedikləri qidalara da nəzarət etməlidirlər:
“Çünki çarpaz allergik reaksiya baş verə bilər. Bu xəstələrdə daha çox meyvələrə və bala qarşı allergik reaksiya yarana bilər. Allergik reaksiya özünü övrə, allergik rinit, allergik konyuktivit və astma kimi xəstəliklərlə göstərə bilər. Mövsüm öncəsi profilaktik tədbir olaraq xəstədə məlum olan allergen ya tamamilə uzaqlaşdırılmalı, bu da mümkün deyilsə və kliniki simptomlar kəskin deyilsə, mövsüm öncəsi xəstəyə immunoterapiya məsləhət görülür. İmmunoterapiyanın müddəti 3-5 il davam edir və xəstə uzunmüddətli remissiya əldə etmiş olur. İmmunoterapiya ya dilaltı, ya dərialtı aparılır. Əgər bu da mümkün deyilsə, xəstəliyin simptomlarına uyğun mövsüm zamanı həkim tərəfindən müalicə təyin olunur”.