Bakı. Trend:
Hazırda Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun buraxılması şərtlərinin aktiv müzakirələri aparılır.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
“Ermənistan baş naziri bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasına çox yaxındırlar. Minsk qrupunun buraxılma mexanizmlərinə və sazişin mümkün ilkin imzalanmasına gəlincə, hazırda bunların həyata keçməsini mümkün edəcək şərtlərin aktiv müzakirələri aparılmaqdadır”, - deyə o bildirib.
Baqdasaryan bunun üçün Konstitusiya dəyişikliyinə zərurətin yaranıb-yaranmayacağı məsələsinə də münasibət bildirib
"Konstitusiya ilə bağlı məsələyə gəldikdə, Ermənistan Respublikasının Baş naziri dəfələrlə bəyan edib ki, əgər sülh sazişi imzalandıqdan sonra Ermənistan Respublikası Konstitusiya Məhkəməsi onun Konstitusiyaya zidd olduğunu müəyyən etsə, Baş nazir özü Ermənistan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsinə təşəbbüs göstərəcək. Hələlik buna ehtiyac yoxdur”.