Bakı.Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra qarşısında dayanan bütün vəzifələri uğurla həyata keçirir. İşğaldan azad olunmuş Qarabağ və Zəngəzur torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, doğma yurdlarından didərgin düşən soydaşlarımız mərhələli şəkildə öz evlərinə qayıdırlar. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilən görüş isə Azərbaycanın diplomatiya sahəsində növbəti böyük uğuru oldu. Bu görüşdə əldə edilən razılaşmalar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin məntiqi davamı və yekunu kimi qiymətləndirilə bilər.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan hər zaman Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarı olub:
“İnanıram ki, Vaşinqton görüşündə imzalanan Bəyannamə Ermənistan tərəfindən tam və vaxtında icra olunacaq və bununla da regionda davamlı sülh və sabitliyin əsası qoyulacaq”.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır:
“Bu dəhliz yeni iqtisadi və investisiya imkanlarının yaranmasına, dayanıqlı sülhün təmininə xidmət edəcək. Kommunikasiyaların açılması isə bütövlükdə beynəlxalq ticarət və logistika baxımından strateji önəm kəsb edir. Azərbaycan bu dəhliz vasitəsilə dünya iqtisadiyyatında mühüm tranzit mərkəzlərindən birinə çevriləcək. Ermənistan iqtisadiyyatı da bundan ciddi fayda əldə edəcək. Bu gün regionda proseslər Azərbaycanın müəyyən etdiyi gündəliyə uyğun aparılır və Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlar artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub”.
Afət Həsənova əlavə edib ki, bütün bu nailiyyətlər Prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən siyasətin nəticəsidir.