Bakı. Trend:
“Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər” təsdiq edilib.
Trend-in məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə (bundan sonra - avtomobil nəqliyyatı vasitələri) dair tələbləri müəyyən edəcək.
Avtomobil nəqliyyatı vasitələri aşağıdakı tələblərə cavab verməlidir.
konstruksiya, qurğu və avadanlıqlar üzrə:
- “AYNA” informasiya sisteminə inteqrasiya edilən və real vaxt rejimində məlumat mübadiləsi aparan aşağıdakı qurğu və avadanlıqlarla təchiz edilməlidir: qlobal mövqetəyinetmə sistemi (GPS); gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş aləti; bort avadanlığı (avtomobil nəqliyyatı vasitələrinin daxilində quraşdırılmaqla, onların hərəkətini, idarə edilməsini, sərnişinlərin daşınmasını və gediş haqqının ödənilməsini monitorinq edərək mərkəzi dispetçer sisteminə ötürən qurğu); sərnişin sayğacı (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu).
- sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1.000.000 km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1.200.000 km-dən artıq olmamalıdır;
- dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddətin keçməməlidir;
- elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır;
- avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında banın aşağı döşəməli (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda avtomobil yollarının faktiki vəziyyəti aşağı döşəməli avtobusların istismarına imkan vermədiyi hallar istisna olmaqla), eləcə də banın səthinin əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının rahat hərəkətinin təmin edilməsi üçün hamar olmalıdır;
- əlilliyi olan şəxslərin təkərli oturacaqlarının və uşaq arabalarının avtomobil nəqliyyatı vasitələrinə daxil olması üçün mexaniki və ya avtomatik üsulla açılan pandusun olmalıdır (şəhərətrafı və qəsəbələrarası müntəzəm marşrutlarda istismarı olunan hündür döşəməli avtomobil nəqliyyatı vasitələri istisna olmaqla);
- ikinci sərnişin qapısının xarici hissəsində və əlilliyi olan şəxslərin təkərli oturacaqları üçün xüsusi işarələnmiş yerlərdə sürücüyə məlumat vermək üçün düymənin olması, habelə təhlükəsizliyi təmin etmək üçün həmin xüsusi işarələnmiş yerlərdə yumşaq materialdan arxalığın quraşdırılması və təkərli oturacaqların sabitlənməsi üçün qoşalaşmış təhlükəsizlik kəməri olmalıdır;
- salonun içərisində görmə və eşitmə pozuntusu (məhdudiyyəti) olan şəxslərin növbəti dayanacaq məntəqəsi barədə məlumatlandırılması üçün monitor və səs sistemi olmalıdır;
- sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələri üçün yanğınsöndürmə sisteminin avtomatik olaraq aktivləşdirilməsi funksiyasının, habelə işıq və səs ilə müşayiət olun “yanğın xəbərdarlığı” sistemi olmalıdır;
- sıxılmış təbii qazla işləyən mühərriklə və elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin texniki vəziyyəti barədə məlumatın bort avadanlığına real vaxt rejimində ötürülməsini təmin edən sistemi olmalıdır;
- sürücünün sərnişin qapılarının vəziyyəti haqqında məlumatlandırılması sisteminin və qapılara ən yaxın tutacaqlarda düşmə düyməsinin olması, habelə düşmə düyməsi basılan zaman sürücü panelindəki həmin qapını göstərən düymə yanıb-sönməli və qapı açılana qədər səs siqnalı verməlidir;
- sərnişin qapılarının sıxılmaya qarşı həssaslıq sensorları ilə təchiz edilməlidir;
- avtomobil nəqliyyatı vasitələrinin daxilində və xaricində qəza vəziyyətində hər bir sərnişin qapısının açılması üçün quraşdırılan qəza açarı olmalı, habelə qəza vəziyyətində qapıların əl ilə açılması mümkün olmalıdır.
Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə:
- “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində qeyd edilən tələblərə;
- Azərbaycan Respublikasının 2002-ci il 12 fevral tarixli 261-IIQ nömrəli Qanunu ilə qoşulduğu “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında Müqavilə”nin tələblərinə uyğun olaraq müəyyən edilmiş M2 və M3 kateqoriyasına və birinci sinifə (avtomobil nəqliyyatı vasitələrinin konstruksiyasında sərnişinlərin ayaq üstə dayanması və sərbəst hərəkəti üçün yerlərin nəzərdə tutulması) aid olması ilə bağlı tələblərə;
- “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 sentyabr tarixli 497 nömrəli Fərmanının 2.3-cü bəndində qeyd edilən tələblərə;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə;
Məlumat üçün bildirək ki, qərar 2025-ci il oktyabrın 30-da qəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
