Bakı. Trend:
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminiilə görüşüb.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı kontekstində səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir qeyd edib ki, Azərbaycan ilə İndoneziya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf edir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin İndoneziya Prezidenti ilə Davos və Şarm Əl-Şeyx şəhərlərində baş tutmuş görüşləri xatırladılıb, bu təmasların ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə
sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən
islahatlar, yeni tibb müəssisələrinin inşası və yüksək
texnologiyalı tibbi xidmətlərin tətbiqi barədə məlumat verilib.
İndoneziya səfiri ölkələrimiz arasındakı dostluq və qardaşlıq
münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, səhiyyə sahəsində
əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylər göstərəcəyini
bildirib. O, İndoneziyanın əhali sağlamlığının qorunması
təcrübələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu qeyd
edib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi
perspektivləri və qarşılıqlı maraq doğuran təşəbbüslərin
dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tibb
təhsili, səhiyyə sisteminin idarə olunması, ictimai səhiyyə,
əczaçılıq sənayesi, tibbi texnologiyalar və təcrübə mübadiləsi
sahələrində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü
müzakirə ediblər.
