...

Gəncədə əsən güclü külək fəsadsız ötüşməyib

Hadisə Materials 13 Mart 2013 21:55 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarından etibarən Gəncədə əsən güclü külək bir sıra fəsadlar törədib. Şəhərin elektrik təsərrüfatında fasilələr yaranıb, fərdi yaşayış evlərinə ciddi ziyan dəyib.
Gəncədə əsən güclü külək fəsadsız ötüşməyib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün günorta saatlarından etibarən Gəncədə əsən güclü külək bir sıra fəsadlar törədib. Şəhərin elektrik təsərrüfatında fasilələr yaranıb, fərdi
yaşayış evlərinə ciddi ziyan dəyib.

Külək bir neçə evin dam örtüyünü dağıdıb, hasarları uçurub. Külək şəhərin elektrik enerjisinin verilişində 3 saatlıq ləngimələrə də səbəb olub.

Təbii fəlakət nəticəsində Həmid Sultanov küçəsində bir evə ciddi ziyan dəyib.

Güclü külək adı çəkilən küçədə 2 saylı evin dam örtüyünü qaldıraraq qonşu evin həyətinə atıb. Nəticədə həyətdə olan ağaclara və əlavə tikililərə ziyan dəyib.

Nəsrəddin Quliyev -zərərçəkmiş: "Təxminən 1 saat bundan əvvəl külək başladı. Küləkdən sonra səsə çıxdıq məhləyə, gördük ki, qonşunun evinin damı tamamilə uçub gəlib mənim həyətimə. Hamamın, hovuzun üstünü dağıdıb".

Pakizə Məmmədova -zərərçəkmiş: "Birdən-birə külək qalxdı, dedim heç bir şey olmaz. Bir də gördüm qapıda hay-küy qopdu, evin üstünü külək apardı. Mən də elə bildim bir dəmir şifer düşüb, gedib baxıram ki, evimin üstü yoxdur. Bununla neçə dəfədir ki, belə hadisələr olur".

Əsən güclü külək şəhərin Əlövsət Məmmədov küçəsində iri gövdəli çinar ağacını aşırıb. Aşan ağac 10 saylı evin hasarını uçurub. Təbii fəlakət nəticəsində Heydər Əliyev prospektində şam ağacı da aşıb. Külək Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunda da fəsadsız ötüşməyib.

Rayonun Qızıl Qaya qəsəbəsində yaşayış evinin bir neçə metrlik hasarı və darvazası uçub, qaz və elektrik xətləri tamamilə sıradan çıxıb.

Elnarə Rəsulova- zərərçəkmiş: "Uşaqlar qapını açmışdı ki, darvazanın uçduğunu gördüm. Maşın qaldı darvazanın altında, barı uçdu. İşıq, qaz yoxdur, sayğacların hamısı daşların altında qalıb".

Qeyd edək ki, bu gün günorta saatlarından etibarən Gəncədə əsən şimal-qərb küləyinin sürəti 30-35 metr saniyə olub. Gəncə şəhər Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda elektrik enerjisinin verilişində ciddi problemlər yoxdur.

Xəbər lenti

Xəbər lenti