Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/
Xəzər dənizinin Xaçmaz rayonu sahilində batmaq təhlükəsi ilə üzləşmiş 2 balıqçı xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu ərazisində, Xəzər dənizində ("Nabran" sularda xilasetmə məntəqəsindən təxminən, 2 km sola, 700 metr dənizin içərisinə doğru, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.
Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub, qayıq yedəyə alınaraq sahilə gətirilib. Əməliyyat saat 09:25-də başa çatıb.