Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyalar keçirmək cəhdlərinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı - Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Karamel" konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs T.Quliyevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edildiyi bildirilir.
Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı - İmişli rayonu, K.Qasımov küçəsi, ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış zamanı "Çistaya liniya" dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Saxlanılan şəxs Ş.Qocayev Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən həbs edilib.
Həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində adıçəkilən təcridxanada saxlanılan şəxs İsa Rüstəm oğlu Hümbətovun anası - Bakı şəhəri, 7 mkr., F.Məlikov küçəsi, ev 53, mən., 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış zamanı onun əl çantasının gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.
Qeyd edək ki, İ.Hümbətov Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən həbs edilib.
Hər üç fakt üzrə araşdırma aparılır.