İlk xəbər 11:20-də yayılıb
Azərbaycan, Bakı, 17 avqust /Trend/
İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.
Hal-hazırda əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
XXX
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, avqustun 16-da saat 18:00 radələrində Şahdağ Milli Parkının İsmayıllı rayonu Tircan kəndinin yüksək dağlıq ərazisində yerləşən meşə sahəsində yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün dərhal ETSN-nin yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin iki helikopteri də yanğın ərazisinə cəlb olunub.
İlkin ehtimala görə yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır.