Bakı. Trend:
Zaqatalada dərəyə yıxılan azyaşlı uşaqlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.
Trend Kanal S-ə (Region TV)istinadən xəbər verir ki, hadisə iyulun 17-i günorta saatlarında Yuxarı Çardaqlar kəndinin yuxarı hissəsində, dağlıq ərazidə qeydə alınıb.
Yuxarı Çardaqlar kənd sakinləri 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyayeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı M.Yəhyayeva və 5 yaşlı R.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. R.Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda dünyasını dəyişib.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.Yəhyayevaya ağır kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.