...

3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə şahid: İstintaqa verdiyimiz ifadə dəyişdirilib

Hadisə Materials 25 Oktyabr 2017 14:47 (UTC +04:00)
Bu gün Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə şahid: İstintaqa verdiyimiz ifadə dəyişdirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə növbəti şahidlər - "Real" Tibb Mərkəzinin iki həkimi ifadə verib.

Həkimlər ifadələrində bildiriblər ki, azyaşlı əməliyyata hazırlanarkən tam normal vəziyyətdə olub və onun əməliyyat zamanı halı pisləşməyib.

Həkimlər qeyd ediblər ki, uşağın ölümünün əməliyyatla bağlılığı olmayıb.

Prosesdə şahidlər dövlət ittihamçısının suallarını cavablandırıblar. Prokuror bildirib ki, şahidlər ibtidai istintaqa ifadələrində bildiriblər ki, uşaq əməliyyata hazırlanarkən onda əlavə xəstəlik olub və bu barədə həkim anestezioloq məlumatlandırılıb.

Şahidlər isə ibtidai istintaqa belə ifadə vermədiklərini, ifadələrinin dəyişdirildiyini deyiblər.

İş üzrə növbəti proses noyabrın 1-nə təyin edilib.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti