Bakı. Ceyhun Ələkbərov - Trend:
Gecə saatlarında Bakı metrosunun “Avtovağzal” stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.
Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.
Bakı Beynəlxalq Avtovağzalına yollanan əməkdaşlar qısa vaxtda turistin gəldiyi taksini müəyyənləşdiriblər. Sürücü həqiqətən də portmanatın avtomobildə qaldığını deyib və onu polislərə təqdim edib.
Rusiyalı turist belə operativliyə və peşəkarlığa görə, xüsusən də nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.