Bakı. Samir Əli - Trend:
Ötən gün Kliniki Tibbi Mərkəzə müxtəlif motosiklet qəzalarından bir-birinin ardınca 6 yaralı gətirilib.
Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gətirilən yaralılardan 3 nəfərin vəziyyəti nisbətən ağır olduğuna görə xəstəxanaya yerləşdirilib, digər 3 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım
şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, bu cür qəzalar
demək olar ki, hər gün baş verir:
“Gündəlik olaraq bir və ya bir neçə motosiklet qəzasından yaralılar
gəlir. Bunların böyük əksəriyyəti qida çatdırılması ilə və ya
kuryerliklə məşğul olan sürücülərdir. Ötən gün 5 belə qəza baş
verib ki, nəticədə 6 yaralı gətirilib. Onlardan biri hətta piyadanı
vurmuşdu və hər ikisi yaralanmışdılar”.
Qeyd edək ki, hər ay motosiklet qəzalarından gələn yaralıların statistikasında artım baş verir.