Bakı. Trend:
Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus "Shacman" markalı yanacaqdaşıyan avtomobilin kabina hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinadakı yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.