Bakı. Trend:
Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır.
"1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir",- məlumatda qeyd edilib.
Qeyd edək ki, Ağsuda güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Ayətullalayev Pərviz Qəni oğlu hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.