...

Külli miqdarda vəsaitin leqallaşdırılmasında ittiham olunan dəstənin növbəti məhkəmə prosesi keçirilib

Hadisə Materials 13 İyun 2025 13:00 (UTC +04:00)
Külli miqdarda vəsaitin leqallaşdırılmasında ittiham olunan dəstənin növbəti məhkəmə prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Təqsirləndirilən şəxslərin vatsap yazışmaları, SMS mətn mesajları elan edilib.

Daha sonra vəkillər bildirib ki, əməliyyat zamanı götürülən silah, qızıl və pul vəsatinin bir qismi Kobercinayətkarlıqda Mübarizə Baş İdarəsində saxlanılır. Halbuki qızıl və pul vəsaiti orada saxlanılmamalıdır. Onlar məhkəmədən həmin vəsaitin nəzarət altında saxlanılmasını istəyiblər.

Müdafiəçi Kamandar Nəsibov müvəkkilinin mobil telefonun məhkəmədə baxış keçilməsini istəyib.

Vəkil Elnur Quliyev ibtidai istintaqın həbs qoyduğu əmlakların real bazar qiymətini nə qədər olması ilə bağlı qiymətləndirmə keçirlməsi ilə bağlı vəsatət verib.

Təqsirləndirilən Cavid Əzizovun vəkili əmlaklara qoyulan həbsin götürülməsi ilə bağlı məhkəməyə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

Proses 25 iyulda davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Onlara Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci və 206-1.3-ci maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti