Bakı.Trend:
"Azəriqaz"ın işçisini təhqir edən şəxs inzibati qaydada həbs olunub.
Trend-in məlumatına görə, hadisə avqustun 6-da baş verib.
Belə ki, zərərçəkmiş şəxs mənzilə texniki baxış üçün daxil olduqdan sonra həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib. Texniki şərtlərə əməl edilmədiyi üçün irad bildirməsinə görə təqsirləndirilən şəxs əvvəlcə mənzilin daxilində onun üzərinə qışqırıb. Zərərçəkmiş şəxs bayıra çıxdıqdan sonra binanın girişində və həyətində onun ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salıb, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq edib.
Zərərçəkmiş şəxs müraciəti əsasında həmin yerə gələn Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşı onun ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almaq istəyən zaman ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər işlədərək səs-küy salıb. Təqsirləndirilən şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətlərini davam etdirib və onu sakitliyə, nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayıb.
Nizami rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.