Bakı.Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
şahidlər ifadə verib.
Şahid qismində mərkəzdə tibb bacısı vəzifəsində çalışmış Fatimə
Bağırova ifadə verib.
O, məhkəməyə bildirib ki, təqsirləndirilən şəxslərsən Mehriban xanım və Hamlet doktoru tanıdığını, ancaq Elnur Əhmədlini isə tanımır:
“Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Şöbəmizdə olan uşaqları başqa mərkəzə göndərdilər. Məni də ezam etdilər.
Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzin direktoru kimi tanıyıram. Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram.
Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfə görmüşəm. Bizim şöbədə elektrik uzadıcılardan istifadə edilirdi, bununla bağlı qadağa qoyulmamışdı”.
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Daha sonra mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova ifadə verib:
“Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşim tibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Əvvəl bizdə 2 otaq olsa da, daha sonra 4 otaq edildi. Xəstə artımı çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küveyzlər bir-birinə çox yaxın oldu. Uşaqların say çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çox idi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə “işi bacarmayan işdən çıxa bilər”,-dedi.
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Növbəti proses avqustun 25-nə təyin edilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın
təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha
çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi
başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq
idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin
Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin
Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü
mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7
yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə
361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan
edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində
"Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif
İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.