Bakı. Trend:
Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib.
Trend xəbər verir ki, bunu Xəstəxananın həkimi Fuad Rzayev qeyd edib
O bildirib ki, xəsarət alanlar təcili yardım vasitəsilə qəbul edilib.
"Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir.
Xəsarətlər əsasən bud-çanaq sınıqları (neyrocərrahi problemlər) və beyin silkələnmələri ilə bağlıdır. Pasiyentlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir"- deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində 10-dan artıq xəsarət alan var.
XXX
17:40
Naxçıvanda avtobus qəzaya düşüb.
Naxçıvan MR Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə 16 nəfər xəstə yerləşdirilib.
"Onların vəziyyətinin ağırlıq dərəcəsi hazırda müəyyənləşdirilir"- əlavə edilib.
xxx
17:28
Naxçıvanda avtobus qəzaya düşüb.
Trend-in məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.