Bakı.Trend:
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri Ruslan Quliyev vəfat edib.
Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
"Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivinin adından turizm ictimaiyyətinin tanınmış nümayəndəsi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri Ruslan Quliyevin vaxtsız vəfatı xəbərini dərin kədər hissi ilə qarşılayır, bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və bütün turizm ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Allahdan səbir diləyirik.
Ruslan Quliyev uzun illər ərzində Azərbaycanın turizm sektorunun inkişafı, sağlamlıq və termal turizmin təşviqi, eləcə də turizm sənayesində peşəkar fəaliyyətin formalaşdırılması istiqamətində mühüm xidmətlər göstərib, zəngin təcrübəsi və təşəbbüsləri ilə bu sahənin inkişafına dəyərli töhfələr verib.
O, ölkə turizminin inkişafına verdiyi töhfələrə görə ölkə başçısı tərəfindən “Tərəqqi” medalı ilə və Dövlət Turizm Agentliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Allah rəhmət eləsin!", - məlumatda bildirilib.
