Bakı.Trend:
Azərbaycanın Əməkdar incəsənət xadimi, kinoşünas və kino tarixçisi Aydın Kazımzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinə keçirilən seçkilərlə bağlı son prosesləri tənqid edib.
O, Trend-ə müsahibəsində bildirib ki, hazırda baş verənlər həm təşkilatın nizamnaməsinə əməl olunması, həm də Azərbaycan kino ictimaiyyətinin uzunillik ənənələrinə hörmət baxımından ciddi suallar doğurur.
Kino camiyəsi arasında onu Azərbaycan kinosunun “baş arxivçisi” adlandırırlar. Qeyd edək ki, məhz Aydın Kazımzadə vaxtilə Azərbaycan kinosunun yaranma tarixini (2 avqust 1898-ci il) dəqiqləşdirib və artıq uzun illərdir ki, yerli kinematoqrafçılar bu günü öz peşə bayramları kimi qeyd edirlər.
Aydın Kazımzadə qeyd edib ki, həyatının təxminən 65 ilini kinoya həsr edib və Kinematoqrafçılar İttifaqının demək olar ki, bütün tarixinin şahididir. Təşkilatın əsası 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun yaradılması ilə qoyulub, Azərbaycan Kinematoqrafçılar İttifaqı isə rəsmi olaraq 1963-cü ildə formalaşdırılıb. Onun təşəkkül tapması Azərbaycan kinosunun həm ölkə daxilində, həm də xaricdə nüfuzunun formalaşmasına töhfə vermiş görkəmli şəxslərin adları ilə bağlıdır.
“Kinematoqrafçılar İttifaqının əvvəlki rəhbərləri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yüksək nüfuza malik olublar və təşkilat kino ictimaiyyətinin həyatında mühüm rol oynayıb”, – deyə kinoşünas bildirib.
O, xüsusilə Şəfiqə Məmmədovanın fəaliyyətini vurğulayaraq, onun İttifaq və təşkilat üzvləri üçün çox iş gördüyünü qeyd edib.
Kinoşünas uzun illər rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının inkişafında Şəfiqə Məmmədovanın rolunu xatırladıb. Onun xüsusilə paytaxtın mərkəzində yerləşən binanın İttifaqın istifadəsinə verilməsində böyük xidmətləri olduğunu vurğulayıb.
Aydın Kazımzadə həmçinin Rasim Balayevin rəhbərliyi altında olan Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə rəhbəri Şəfiqə Məmmədova olan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşdirilməsi və 2024-cü ildə keçirilən seçkilər məsələsinə də toxunub.
Rasim Balayevin vəfatından sonra mayın 26-da keçirilmiş səsvermənin nəticələrinə əsasən, daha əvvəl icraçı katib vəzifəsində çalışmış Əli İsa Cabbarov İttifaqın yeni sədri seçilib. Seçkilərin nəticələrinin baxılması və təsdiqi üçün Azərbaycan Ədliyyə Nazirliyinə təqdim olunması planlaşdırılır.
Bu seçkiləri şərh edən Aydın Kazımzadə onun legitim olmadığını hesab edir. Onun fikrincə, prosedur çoxsaylı pozuntularla müşayiət olunub və səsvermədə kino ictimaiyyəti ilə birbaşa əlaqəsi olmayan şəxslər iştirak ediblər. O, sahə üçün belə mühüm bir məqamda təşkilatın formalaşmış qayda və ənənələrinin nəzərə alınmamasını təəccüblə qarşıladığını ifadə edib.
Gələcək addımlardan danışan kinoşünas yaradıcı birliklərdə formalaşmış təcrübəni xatırladıb. Həmin təcrübəyə əsasən, sədr vəzifədən getdikdə və ya vəfat etdikdə, qanuni qurultay və yeni seçkilər keçirilənədək onun səlahiyyətlərini müvəqqəti olaraq birinci katib icra edir. Xüsusilə, İttifaqın sədri Rasim Balayevin vəfatından sonra təşkilata rəhbərlik müvəqqəti olaraq birinci katib – Şəfiqə Məmmədovaya keçməli idi. Onun sözlərinə görə, ölkənin yaradıcı birliklərində hər zaman məhz bu mexanizm tətbiq olunub. Kazımzadənin fikrincə, düzgün yol da məhz budur və bu yanaşma təşkilatın ənənələrinə uyğundur.
Əməkdar incəsənət xadimi hesab edir ki, rəhbərliyin seçilməsi ilə bağlı qanuni prosedurun həyata keçirilməsi və nizamnamə normalarına qayıdılması zəruridir. Onun qənaətincə, yalnız bu halda kino ictimaiyyətinin birliyini və İttifaqın çoxillik tarixinə hörməti qoruyub saxlamaq mümkün olacaq. O bildirib ki, rəhbər vəzifələrə namizədlər özləri tərəfindən deyil, təşkilatın üzvləri tərəfindən irəli sürülməlidir.
Aydın Kazımzadənin fikrincə, Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun inkişafına və peşəkar kino ictimaiyyətinin birləşməsinə xidmət edən tarixi ənənələrini qoruyub saxlamalıdır.
