Bakı. Trend:
Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90 tam onda səkkiz olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90 tam onda 1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda 5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5 faizi isə istifadə etmədiyini bildirib.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Komitə sədri qeyd edib ki, hazırda sual "qadağan etmək və ya etməmək" deyil:
"Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin necə yaradılması məsələsidir. Bəs hansı problemlər var? Dünyada Müxtəlif tədqiqatlar aparılır. Bir neçə misal göstərmək istərdim: Məsələn, 10-15 yaşlı Avstraliya uşaqlarının 96%-i sosial mediadan istifadə edir və onların 70%-i zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71%-i, oğlanların isə 54 faizi kiberzorakılıqla qarşılaşır. Kiberhücumun nəticələri ciddidir: Amerikalı yeniyetmələrin 19,2%-i kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib. Kiberbullinqə məruz qalan yeniyetmələr arasında 12%-i son bir ildə özünə zərər verməyi düşünüb, 6%-i isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar: "İnstagram" kiberzorakılıq hadisələrində liderdir (42%), ardınca Facebook (37%) və Snapchat (31%) gəlir. Digər tədqiqatlar YouTube-un ən yüksək göstərici olduğunu müəyyən edib: YouTube-dakı uşaqların 79%-i kiberhücuma məruz qalıb, ardınca Snapchat (69%), TikTok (64%) və Facebook (49%) gəlir".
Komitə sədri ölkə üzrə statistik göstərcilərə də diqqət çəkib:
"Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90 tam onda səkkiz olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90 tam onda 1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63 tam onda 5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36 tam onda 5 faizi isə istifadə etmədiyini bildirib. Əlbəttə ki, bu rəqəmlər bizi düşündür və eyni zamanda narahat edir. Uşaqların İKT-dən, sosial mediadan istifadə etməsi müsbət haldırmı? Yoxsa mənfi haldır? Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir: Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla bağlı müzakirələr aparılır. Bu gün müzakirə etdiyimiz məsələnin məqsədi aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və mənfi zehni sağlamlığa təsirlərdən qorumaq. Azərbaycanda 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Eyni zamanda, uşaqların hüquqlarının qorunması ilə bağlı digər sahələrdə də yaş məhdudiyyətləri tətbiq olunmuşdur : məsələn, uşaqlara siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət qoyulub. Və bu tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq edilib. Həmçinin, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilmiş və bu sahədə yaranan münasibətlər tənzimlənib".
Hicran Hüseynova əlavə edib ki, bu prosesin davamı olaraq, indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır və bu gün müzakirə edilən məsələnin əsas mahiyyəti də budur:
"Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və milli qanunvericiliyə əsasən 18 yaşadək şəxslərin uşaq sayıldığını nəzərə alaraq, uşaqların sosial şəbəkə platformalarının təsirlərindən qorunması üçün 16 yaşadək və 16-18 yaş arası yanaşması seçilib. 16 yaşadək uşaqların platformalarda hesab yaratmasına yol verilmir, 16-18 yaş arası uşaqlar üçün isə bunu valideyn icazəsi ilə edə bilərlər. Uşaqların inkişafına diqqət verilərək təhsil və səhiyyə məqsədləri üçün bu imkanlardan sərbəst istifadə etmək olar. Qanun dəyərli məqsədə - uşaqların müdafiəsinə xidmət edir. Uşaqların sosial şəbəkələrinin zərərli təsirlərin qorunması günümüzün tələbidir. Övladımızın sağlamlığı, rifahı, gələcəyi sosial şəbəkələrdən asılı olmamalıdır. Mövcud qanunvericiliyə edilən dəyişikliklər uşaqlarımızın hüquqlarının qorunmasına yönəlib. Və biz də bu dəyişiklikləri qəbul etməklə onları daha təhlükəsiz bir həyat vermiş oluruq", - komitə sədri vurğulayıb.
