bp Bakı-Supsanın əməliyyat funksiyalarını Azərbaycan və Gürcüstana təhvil verib

Energetika Materials 8 İyun 2026 15:54 (UTC +04:00)
bp Bakı-Supsanın əməliyyat funksiyalarını Azərbaycan və Gürcüstana təhvil verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Qərb İxrac Boru Kəmərinin (WREP/ Bakı–Supsa) əməliyyat funksiyaları Azərbaycan və Gürcüstanın dövlət qurumlarına təhvil verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "bp Azerbaijan"dan bildirilib.

“Daha əvvəl də məlumat verildiyi və müqavilə çərçivəsinə uyğun olaraq, Səngəçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, Qərb İxrac Boru Kəmərinin (Bakı-Supsa) obyektləri 2026-cı il iyunun 8-dən etibarən Azərbaycan və Gürcüstanın müvafiq dövlət qurumlarına qaytarılıb”, – deyə "bp Azerbaijan"dan bildirilib.

Daha əvvəl bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, bu addım aktivlərin satışı demək deyil.

“Bu, aktivlərin satışı deyil, sadəcə olaraq əvvəllər imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsidir”, – deyə o qeyd edib. Onun sözlərinə görə, “boru kəməri üzərində əməliyyat nəzarəti müvafiq ölkələrdə onun sahiblərinə qaytarılır və bu proses tərəflərin əvvəlcədən razılaşdırılmış hüquqi öhdəliklərinə uyğun həyata keçirilir”.

Xatırladaq ki, 2026-cı ilin may ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SOCAR Midstream Operations MMC və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Gürcüstan ərazisindən keçən Qərb İxrac Boru Kəmərinin, o cümlədən Supsa neft terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər sənədi imzalanıb.

2025-ci ilin iyul ayında Qazaxıstan da bu marşruta potensial maraq göstərib. Ölkənin Energetika naziri Yerlan Aqqenjenov Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Trend-ə verdiyi müsahibədə boru kəmərini perspektivli ixrac dəhlizi kimi qiymətləndirdiyini bildirib.

“Biz SOCAR-dakı həmkarlarımızla daimi təmasdayıq və Bakı–Supsa da daxil olmaqla bütün mümkün nəqliyyat dəhlizlərini nəzərdən keçiririk”, – deyə nazir vurğulayıb.

SOCAR-ın rəsmi məlumatına görə, kommersiya istismarının başlanmasından 2026-cı il aprelin 1-dək Bakı–Supsa boru kəməri vasitəsilə ümumilikdə 738 milyon barel neft nəql olunub.

Qərb İxrac Boru Kəməri Xəzər dənizinin dəniz yataqlarından hasil edilən xam nefti Qara dənizə daşıyır. Buradan isə neft tankerlərlə Bosfor boğazı vasitəsilə Avropa bazarlarına çatdırılır.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Gürcüstanın Qara dəniz sahilində yerləşən Supsa terminalına qədər uzanır. Kəmərin ümumi uzunluğu 829 kilometrdir.

Tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin aprelində imzalanmış hökumətlərarası sazişdən sonra başlanılıb və layihə 1998-ci ilin noyabrında tamamlanıb. Boru kəmərinin istismarı 1999-cu ilin fevralında başlayıb, Supsa terminalının rəsmi açılışı isə 1999-cu il aprelin 17-də baş tutub. 2008-ci ildə kəmərin yenidən istismara verilməsi üzrə genişmiqyaslı proqram həyata keçirilib.

2007-ci ildə WREP Azərbaycan və Gürcüstan ərazisindəki hissələri əhatə edən geniş təmir və yeniləmə işlərinin aparılması məqsədilə müvəqqəti olaraq dayandırılmışdı. Bu müddətdə alternativ ixrac marşrutlarından istifadə olunub və dünya bazarlarına tədarükdə fasilələrin qarşısı alınıb.

WREP sistemi altı nasos stansiyasından – üçü Azərbaycanda, üçü isə Gürcüstanda olmaqla – ibarətdir. Bundan əlavə, Gürcüstanda iki təzyiqazaldıcı stansiya, 59 xətti bağlayıcı klapan və aralıq təmizləmə stansiyaları (pigging stations) fəaliyyət göstərir.

Trend-in SOCAR-dan əldə etdiyi məlumata görə, boru kəmərinin illik ötürücülük qabiliyyəti 5,2 milyon ton təşkil edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti