Bakı. Trend:
Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, mayda ölkədə 2 milyard 83,4 milyon kVt·st aqelektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt·st-ı bərpa olunan mənbələr hesabına təmin olunub.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında may ayında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.
Azərbaycanda bərpaolunan enerji potensialının genişləndirilməsi çərçivəsində 2027-ci ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata, 2032-ci ilin sonunadək isə 8 giqavata çatdırılması nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–aprel aylarında ölkədə külək elektrik stansiyalarında (KES) 327,5 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 321,9 milyon kVt-saat və ya 58,5 dəfə çoxdur.
Eyni dövrdə günəş elektrik stansiyalarında 121,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,8 milyon kVt-saat və ya 6% azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə istehsal həcmi 201 milyon manat təşkil edib.
2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8 giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılması gözlənilir.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib ki, 2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8 giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılması gözlənilir. Onun sözlərinə görə, bu genişlənmə nəticəsində yaranacaq elektrik enerjisi artıqlığı hazırda müxtəlif inkişaf mərhələlərində olan dörd interkonnektor vasitəsilə ixrac edilə bilər: "Bu interkonnektorlar Məşvərət Şurasında geniş müzakirə olunduğundan, onların təfərrüatlarına burada ayrıca toxunmuram.
Hazırda günəş və külək enerjisi ilə paralel olaraq digər bərpaolunan enerji mənbələrinin də araşdırılması istiqamətində ixtisaslaşmış elmi-tədqiqat institutlarının iştirakı ilə işlər aparılır".
