Bakı.Trend:
Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Bir çox hallarda sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində qeyd olunub.
"Bəs sürücü diqqətsizliyi səbəbindən qəzalar necə baş verir?
Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir",-deyə NİİM-dən bildirilib.
