Bakı.Trend:
Bakı şəhərinin Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə iyunun 6-da axşam saatlarında Heydər Əliyev prospektində, "Sabunçu" körpüsünün qarşısında baş verib.
Belə ki, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyada minik avtomobili tərəfindən vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edərək bildirib ki, keçidlərin yaxınlığında və xüsusilə çoxzolaqlı yollarda müəyyən edilməmiş yerlərdən yolu keçmək ağır nəticələrə səbəb ola bilər. Vətəndaşlara yolu yalnız piyada keçidlərindən istifadə etməklə keçmək tövsiyə olunub.
Eyni zamanda sürücülərə sükan arxasında diqqətli olmaq, yol hərəkəti qaydalarına və sürət həddinə ciddi əməl etmək çağırışı edilib.
