Bakı.Trend:
Həm İsrail, həm də İran dərhal atəşkəsin əldə olunmasını istəyir.
Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Hər iki tərəf - həm İsrail, həm də İran - dərhal atəşkəs əldə etmək istəyir! Sülhə dair yekun danışıqlar davam edir, lakin cəhalət və ya axmaqlıq onların önünü kəsə bilər. Yekun razılaşma əldə olunana qədər blokada qüvvədə qalacaq və tam şəkildə tətbiq ediləcək. Hadisələr sürətlə inkişaf etməlidir”, - deyə Donald Tramp yazıb.
Bundan öncəki paylaşımında Tramp hər iki tərəfi dərhal atəşkəsə çağırmışdı.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən müvəqqəti atəşkəs barədə razılığa gəliblər. İyunun səkkizinə keçən gecə İsrailə və İran arasında atəşkəs pozulub, tərəflər qarşılıqlı olaraq raket və hava zərbələri endirməyə başlayıblar.
