Bakı. Trend:
2025-ci ilin dekabrında 1 100 respondent arasında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3 %-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir, 11.1% təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin üç komitəsinin bugünkü birgə iclasında deyib.
Komitə sədri bildirib ki, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, sosial sifarişdir.
“Məktəbyaşlı övladı olanların 90.5%-i təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.
Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır”.
