Bakı.Trend:
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda Yəməndən olan iranyönümlü Husilər İsrailin mərkəzinə endirilmiş raket zərbələrinə görə məsuliyyəti öz üzərinə götürüb.
Trend bu barədə İsrail mediasına istinadən xəbər verir.
Husilər Təl-Əviv və ətraf ərazilərdəki həssas hədəflərə yönəlmiş iri miqyaslı raket hücumu həyata keçirdiyini iddia edir. İsrail Müdafiə Qüvvələri isə Yəməndən bu səhər cəmi 1 ballistik raketin buraxıldığını, onun da İsrailin hava hücumlarından müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini bildirib.
Hərəkatın rəsmiləri eyni zamanda bundan sonra Qırmızı dənizlə üzən İsrail gəmilərinin sərbəst hərəkətinə imkan verməyəcəklərini bəyan ediblər.
Husilər “Qırmızı dənizdə İsrailə məxsus dəniz naviqasiyasına tam və qəti qadağa tətbiq edildiyini və düşmənə aid bütün hərəkətlərin qanuni hərbi hədəf hesab olunduğunu” elan ediblər.
