Bakı.Trend:
Rusiya Ermənistandan balıq idxalına yeni məhdudiyyətlər tətbiq edə bilər.
Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) rəhbəri İlya Şestakov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əgər baytarlıq riskləri aşkar edilərsə, Rusiya Ermənistandan balıq idxalına dair məhdudiyyətləri genişləndirə bilər.
“Rusiya artıq Ermənistandan canlı balıq tədarükünə məhdudiyyətlər tətbiq edib. Əgər bu balığın idxalı zamanı baytarlıq təhlükəsizliyinə təsir göstərə biləcək risklər müəyyən edilərsə, şübhəsiz ki, növbəti addımlar da atılacaq”, – deyə Şestakov qeyd edib.
Onun sözlərinə görə, Ermənistandan Rusiyaya yalnız canlı balıq deyil, həm də soyudulmuş balıq məhsulları idxal olunur. O əlavə edib ki, Ermənistan forel idxalında nəzərəçarpacaq paya malik olub, lakin bu, daxili bazar üçün kritik deyil, çünki Rusiyanın özündə forel istehsalı kifayət qədər inkişaf edib və çatışmayan həcmlər digər ölkələrdən, məsələn, Türkiyədən idxal hesabına kompensasiya oluna bilər.
