...

Kərim Kərimov: "Zəlzələnin baş verəcəyini əvvəlcədən öyrənməklə bağlı ixtiramızın həyata vəsiqə qazanması üçün 250 min dollar lazımdır "

Hadisə Materials 5 Aprel 2006 15:13 (UTC +04:00)

Zəlzələnin baş verəcəyini əvvəlcədən öyrənmək üçün Azərbaycan alimləri yeni ixtira edib. Trend xəbər verir ki, bu barədə aprelin 5-də Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya və minerologiya elmləri doktoru Kərim Kərimov yeni ixtira haqqında jurnalistlərə məlumat verərkən bildirib.

K.Kərimov bildirib ki, dünyada ilk belə ixtira onun rəhbərliyi altında Azərbaycan alimləri tərəfindən edilib: "Zəlzələnin baş verə biləcəyini MTL stansiyası vasitəsilə qabaqcadan müəyyənləşdirmək mümkündür. MTL əslində geologiyaya aid bir cihazdır və yerin təkini, quruluşunu, Azərbaycanda xüsusən də mezazoy çöküntülərinin tektonikasını öyrənmək üçün istifadə olunur".

K.Kərimov onu da bildirib ki, zəlzələnin baş verəcəyini qabaqcadan öyrənmək üçün Azərbaycan ərazisində 5 stansiya tikilməlidir. Bunlardan 2-i Naxçıvanda, 3-ü isə Bakın və ətraf rayonlarda tikilə bilər: "Bu stansiyalar vasitəsilə elektromaqnit sahədə gedən prosesləri lentə alıb zəlzələnin baş verəcəyindən xəbər vermək mümkündür". Alim onu da bildirib ki, onların ixtirası 2-3 saat əvvəl 5, 6 bal gücündən artıq zəlzələnin baş verə biləcəyi barədə məlumat toplamağa qadirdir: "İxtiramızın həyata vəsiqə qazanması üçün 250 min dollar lazımdır. Çin Respublikası ixtiramızla tanış olduqdan sonra belə stansiyaların tikilməsi üçün ucuz qiymətə bizə avadanlıq satmağa razıdır".

K.Kərimov onu da bildirib ki, artıq onların ixtirası Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent Agentliyi və "Avrasiya" Patent Agentliyi tərəfindən qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti